Aleksandar Vuçiç yaxın həftələrdə prezident vəzifəsindən istefa verəcəyini və ölkədə növbədənkənar prezident və parlament seçkilərinin keçiriləcəyini bəyan edib.
EDnews xəbər verir ki, Serbiyanın paytaxtı Belqrad şəhərində keçirilən "Serbiya – bir ailədir" adlı mitinqdə çıxış edən Vuçiç bildirib ki, bu, onun prezident qismində son çıxışlarından biridir.
“Bu gün sizin qarşınızda sonuncu dəfə prezident kimi çıxış edirəm. Qarşıdakı həftələr bu vəzifədə mənim üçün son həftələr olacaq”, - deyə o vurğulayıb.
Vuçiç çıxışı zamanı Serbiyaya xidmət etməyin onun üçün hər zaman prioritet olduğunu qeyd edib və vətəndaşlara göstərdikləri dəstəyə görə təşəkkürünü bildirib.
“Serbiyanı hər şeydən çox sevmişəm və sevirəm. Hər zaman yalnız Serbiyanı düşünmüşəm və onun uğrunda mübarizə aparmışam”, - deyə Serbiya lideri bildirib.
Qeyd edək ki, "Serbiya – bir ailədir" mitinqi Serbiya parlamentinin binası qarşısında keçirilib. Ölkənin Daxili İşlər Nazirliyinin məlumatına görə, tədbirdə təxminən 207 min nəfər iştirak edib.






