Belçikanın paytaxtı Brüsseldə yerləşən Avropa İttifaqı (Aİ) Komissiyasının qərargahında kondisioner sisteminin yalnız aşağı mərtəbələrdə söndürülməsi narazılığa səbəb olub.
EDnews xəbər verir ki, işçilər bu qərarı “ayrı-seçkilik” və “feodalizm” kimi qiymətləndiriblər.
Məlumata görə, həddindən artıq yüklənmə səbəbindən binanın aşağı mərtəbələrində yerləşən və əsasən, sıravi əməkdaşların çalışdığı ofislərdə kondisionerlər dayandırılıb. Bunun əksinə olaraq, Avropa Komissiyasının üzvlərinin və yüksək vəzifəli rəsmilərin yerləşdiyi yuxarı mərtəbələrdə soyutma sistemi işləməyə davam edib.
Bundan əvvəl Komissiya əməkdaşlara günün ən isti saatlarında çölə çıxmamağı, bol su içməyi və işə daha erkən başlamağı tövsiyə edən daxili təlimat göndərmişdi. Lakin “Politico” nəşrinin əldə etdiyi daxili yazışmalara əsasən, kondisionersiz işləyən əməkdaşlar bu tövsiyələrin problemi həll etmədiyini bildiriblər.
Anonim qalmaq şərti ilə danışan Komissiya əməkdaşlarından biri vəziyyəti “feodalizmə bənzər yanaşma” adlandırıb. Digər bir əməkdaş isə qərarı “utancverici” kimi qiymətləndirib. Binanın 8-ci mərtəbəsində çalışan işçi isə kondisioner işləməsinə baxmayaraq, ofisdə temperaturun 25,7 dərəcə olduğunu bildirib.
13 mərtəbədən ibarət qərargah binasında Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenin kabineti 13-cü mərtəbədə yerləşir. Komissiyanın 26 üzvünün, baş direktorların və digər yüksəkvəzifəli şəxslərin ofisləri də əsasən 8-ci və daha yuxarı mərtəbələrdədir.
Qeyd edək ki, Aİ institutlarının yerləşdiyi Belçikada son günlər rekord isti hava hökm sürür.







