Mürsəl İbrahimov təhsil möhlətlərindən sui-istifadə hallarının korrupsiyaya şərait yaratdığını bildirib.
EDnews xəbər verir ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi APA-ya müsahibəsində qeyd edib ki, xaricdə təhsil alan şəxslərə möhlətlərin verilməsi qanunvericiliklə tənzimlənir və yalnız müəyyən şərtlərə cavab verən şəxslər bu hüquqdan yararlana bilərlər.
Onun sözlərinə görə, bəzi hallarda vətəndaşlar hərbi həkim komissiyasından keçdikdən qısa müddət sonra xaricdə təhsil aldıqları barədə arayış təqdim edirlər ki, bu da şübhələr yaradır.
"Bir gündə, üç gündə magistraturaya, doktoranturaya qəbul olmaq olarmı?" – deyə Mürsəl İbrahimov bildirib.
Xidmət rəisi vurğulayıb ki, xaricdə təhsil almaq istəyən vətəndaşlar Təhsildə Keyfiyyət Təminatı Agentliyinin rəsmi saytında yerləşdirilən tanınan ali təhsil müəssisələrinin siyahısına diqqət yetirməlidirlər.
Mürsəl İbrahimov əlavə edib ki, təhsil adı altında hərbi xidmətdən yayınma hallarının qarşısının alınması üçün qanunvericiliyə dəyişikliklərlə bağlı təkliflər hazırlanıb və hazırda aidiyyəti qurumlarla normayaratma prosesi davam etdirilir.






