Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə AMEA prezidenti İsa Həbibbəylinin dahi Azərbaycan şairi Nizami Gəncəvinin əlyazmasına münasibəti ilə bağlı yayılan məlumatların reallığı əks etdirmədiyini bildirib.
EDnews xəbər verir ki, institutun yaydığı məlumatda qeyd olunub ki, Nizami Gəncəvinin Əlyazmalar İnstitutunda saxlanılan əlyazmasının həm cildi, həm də hər bir vərəqi xüsusi qoruyucu materiallarla mühafizə olunur və bu səbəbdən orijinal mətnə birbaşa toxunmaq mümkün deyil.
Açıqlamada, həmçinin bildirilib ki, sözügedən əlyazmanın orijinal nüsxəsinin elektron versiyası da institutun fondunda qorunur.
Məlumatda vurğulanıb ki, sosial şəbəkələrdə yayılan videolarda İsa Həbibbəylinin Nizami Gəncəvinin şəxsiyyətinə və yaradıcılığına göstərdiyi ehtiramı əks etdirən məqamlar ixtisar olunaraq ictimaiyyətə təqdim edilib.







