"Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsinin Azadlıq prospekti ilə kəsişməsində yol çökməsi baş verməyib".
EDnews xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Nəcəfli deyib.
"Ərazidə "Aztelekom" MMC-yə məxsus rabitə kommunikasiya xəttinin baxış qapağında çökmə qeydə alınıb. Məsələ ilə bağlı aidiyyəti quruma tərəfimizdən operativ məlumat verilib və problemin qısa müddətdə aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi xahiş olunub", - deyə A.Nəcəfli vurğulayıb.
*** 12:55
Binəqədi rayonu ərazisində yolun çökməsi nəticəsində yaranan çuxur sürücülərin narazılığına səbəb olub.
Bu barədə görüntülər sosial şəbəkədə paylaşılıb.
Şikayətçi bildirib ki, lükün ətrafında asfalt örtüyü çöküb. Lakin ərazidə xəbərdaredici nişan quraşdırılmayıb.







