Avropa İttifaqında (Aİ) Rusiyaya qarşı sanksiyaların tətbiqi mexanizminin dəyişdirilməsi təklif olunub.
EDnews xəbər verir ki, bu barədə Aİ-nin sanksiyalar üzrə xüsusi nümayəndəsi Devid O’Sallivan “Kyiv Independent”ə müsahibəsində bildirib.
O qeyd edib ki, Avropa İttifaqı ayrı-ayrı sanksiya paketləri qəbul etmək əvəzinə, məhdudiyyət siyahılarının davamlı şəkildə yenilənməsi sisteminə keçməlidir.
O’Sallivanın sözlərinə görə, Rusiya sanksiyalardan yayınmağın yeni yollarını axtardığı üçün məhdudiyyətlər də daim uyğunlaşdırılmalıdır.
Aİ rəsmisi bildirib ki, yeni sanksiyaların qəbulunda əsas çətinlik ittifaqa üzv 27 ölkənin hamısının razılığının tələb olunmasıdır.
O’Sallivan vurğulayıb ki, Avropa İttifaqı iqtisadi itkilərə baxmayaraq, Rusiyaya qarşı sanksiya siyasətini davam etdirməlidir.
Hazırda Aİ Rusiyaya qarşı 21-ci sanksiya paketi üzərində işləyir. Yeni paketin əsas hədəflərindən birinin bank sektoru və Rusiya iqtisadiyyatına təzyiqin artırılması olduğu bildirilir.
Bundan əlavə, Avropa Komissiyası xüsusi hərbi əməliyyat iştirakçılarının Aİ ölkələrinə girişinin qadağan edilməsini də təklif edir.







