Almaniya Rusiyadan gələn hərbi təhdidlərin artması fonunda 2027-ci ilə qədər bütün kişilər üçün məcburi hərbi xidmətin bərpası imkanını nəzərdən keçirir.
EDnews xəbər verir ki, bu barədə məlumatı “The Telegraph” qəzeti yayıb.
Məlumata görə, Bundestaqın Müdafiə komitəsinin sədri, Xristian Demokrat İttifaqının (CDU) təmsilçisi Tomas Rövekamp bildirib ki, könüllü çağırış sistemi ordunun qarşısına qoyulan hədəflərə çatmağa imkan verməsə, ölkə məcburi hərbi xidmətə qayıtmalı olacaq.
“Əgər biz könüllü xidmət vasitəsilə bu məqsədlərə nail ola bilməsək, məcburi hərbi çağırış sistemini geri gətirməli olacağıq. Bununla bağlı yekun qərar gələn il iyulun 31-dək qəbul edilməlidir”, - deyə Rövekamp vurğulayıb.
Qeyd olunub ki, Almaniya hökuməti hazırda könüllülərin cəlb edilməsi üçün tətbiq edilən modelin genişləndirilməsi imkanlarını da müzakirə edir.
Hazırda Bundesverinin şəxsi heyətinin sayı təxminən 185 min nəfərdir. Rəsmi Berlin bu göstəricini 2035-ci ilə qədər 260 min nəfərə çatdırmağı hədəfləyir. Lakin mövcud çağırış templərinin yalnız könüllülük əsasında bu məqsədə nail olmağa kifayət etmədiyi bildirilir.
Xatırladaq ki, Almaniya 2011-ci ildə məcburi hərbi xidməti dayandırmışdı. Lakin Ukraynada müharibənin başlamasından sonra dəyişən təhlükəsizlik mühiti fonunda ölkənin müdafiə siyasətinə yenidən baxılır.






