Dubayda britaniyalı bloger qəsdən adam öldürməkdə ittiham olunur.
EDnews xəbər verir ki, Dubay hakimiyyəti britaniyalı bloger Brooke Georgeni qəsdən adam öldürməkdə ittiham edib.
Britaniya mətbuatının, o cümlədən The Times nəşrinin yaydığı məlumata görə, hazırda 23 yaşlı və "TikTok" platformasında 100 minə yaxın izləyicisi olan bloger Bur-Dubay həbsxanasında saxlanılır.
Məlumata əsasən, qadına qarşı ittiham Böyük Britaniya vətəndaşının ölümü ilə bağlı irəli sürülüb. Bildirilir ki, cütlük internet vasitəsilə tanış olub. Corc Dubaya iki dəfə səfər edib və onun sözlərinə görə, ikinci səfəri zamanı həmin şəxs ona qarşı fiziki zorakılıq göstərməyə başlayıb.
İddialara görə, növbəti zorakılıq hadisəsi zamanı qadın mətbəx bıçağını götürərək kişiyə bir neçə zərbə endirib və nəticədə həmin şəxs həyatını itirib.
Mətbuatın məlumatına görə, qadın ölkəni tərk etməyə cəhd göstərərkən bir neçə gün əvvəl saxlanılıb. Britaniyanın Xarici İşlər Nazirliyi isə məsələni diqqətlə izlədiyini açıqlayıb.







