Paytaxtın bir sıra rayonlarında suyun verilməsində məhdudiyyətlər müşahidə olunur. Sakinlərin bildirdiyinə görə, bəzi ərazilərdə su növbəli qrafik əsasında verilir.
Məsələ ilə bağlı EDnews İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə sorğu ünvanlayıb.
Sorğuya cavab olaraq qurumdan bildirilib ki, su anbarlarında qəbul edilən suyun miqdarını və sutəmizləyici qurğuların məhsuldarlığını artırmaq məqsədilə texniki işlər davam etdirilir.
Qeyd olunub ki, bu istiqamətdə aparılan işlər çərçivəsində verilən suyun həcmi müvəqqəti azaldılıb. Nəticədə müxtəlif rayonların bəzi ərazilərində suyun verilmə saatlarında 2-3 saatlıq azalmalar tətbiq olunur.
“Hazırda tənzimləmə işləri yekunlaşmaq üzrədir. Mütəxəssislərin iştirakı ilə 2 gün ərzində su tədarükünün stabilləşdirilməsi və normal rejimin bərpa olunması mümkün olacaq”, - deyə cavabda bildirilib.
Qeyd olunub ki, hazırda paytaxtda tətbiq olunan müvəqqəti qrafik belədir:
Xətai rayonunun bəzi ərazilərində: 06:00-10:00, 18:00-22:00
Nizami rayonunun bəzi ərazilərində: 06:00-10:00, 18:00-22:00
Suraxanı rayonunun bəzi ərazilərində: 06:00-17:00, 06:00-19:00, 22:00-01:00
Binəqədi rayonunun bəzi ərazilərində: 06:00-20:00
Nərimanov rayonunun bəzi ərazilərində: 06:00-20:00
Yasamal rayonunun bəzi ərazilərində: 06:00-10:00, 06:00-22:00, 18:00-22:00
Sabunçu rayonunun bəzi ərazilərində: 08:00-12:00, 22:00-02:00
Xəzər rayonunun bəzi ərazilərində: 00:00-12:00
Pirallahı rayonunun bəzi ərazilərində: 08:00-17:00
Nəsimi rayonunun bəzi ərazilərində: 06:00-10:00, 18:00-21:00
Qurumdan əlavə edilib ki, bəzi ünvanlarda, xüsusilə yuxarı mərtəbələrə suyun çatdırılmasında çətinliklər daha çox müşahidə olunur. Belə ərazilərdə sukanal idarələri tərəfindən su maşınları ilə xidmət göstərilir.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti tənzimləmə işlərinin sürətlə və fasiləsiz aparıldığını bildirib və su təminatında yaranan müvəqqəti narahatlığa görə abonentlərdən üzr istəyib.
Aytac Kərimova | EDnews







