Ötən gün ABŞ Prezidenti Donald Tramp NATO ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən Türkiyənin hərbi potensialına xüsusi diqqət çəkib. O bildirib ki, bir çox insan Türkiyənin hərbi baxımdan nə qədər güclü olduğunu tam qiymətləndirmir. Hətta Tramp Ərdoğana olan xüsusi ehtiramını da gizlətməyib.
Mövzu ilə bağlı hərbi ekspert Ramil Məmmədli EDnews-a açıqlamasında bildirib ki, Türkiyənin hərbi gücü təkcə ordunun say göstəriciləri ilə deyil, kompleks şəkildə formalaşan bir sıra strateji amillərlə ölçülür.
Onun sözlərinə görə, hər hansı dövlətin hərbi potensialını müəyyən edən əsas meyarların başında insan faktoru dayanır:
“Ordunun gücünü formalaşdıran əsas amillərdən biri canlı qüvvə və peşəkar hərbi heyətdir. Bununla yanaşı, müdafiə sənayesinin inkişaf səviyyəsi, daxili istehsal imkanları, silahlı qüvvələrin döyüş hazırlığı və əməliyyat bacarıqları xüsusi əhəmiyyət daşıyır.
Digər vacib istiqamətlərdən biri də silah və hərbi texnika parkının müasir, effektiv və dayanıqlı resurslarla təmin olunmasıdır. Bu amillər birlikdə dövlətin hərbi qüdrətini formalaşdırır”, – deyə ekspert vurğulayıb.
Ramil Məmmədli qeyd edib ki, Türkiyə bu göstəricilərin əksəriyyəti üzrə son illərdə ciddi inkişaf nümayiş etdirib:
“Bu gün Türkiyənin əhali potensialı, müdafiə sənayesində daxili istehsal gücü, hərbi təyinatlı məhsulların hazırlanması imkanları və şəxsi heyətin peşəkarlığı yüksək səviyyədədir. Türkiyə Silahlı Qüvvələrinin həm canlı qüvvəsi, həm də texniki təminatı regionun ən güclü hərbi sistemlərindən biri hesab olunur.
Mən Türkiyənin potensialını yalnız NATO çərçivəsində qiymətləndirməzdim. Lakin Şimali Atlantika Alyansı daxilində, xüsusilə quru qoşunlarının imkanlarına görə Türkiyə aparıcı ölkələrdən biridir. Ümumilikdə isə dünyanın ən güclü orduları sırasında Türkiyənin xüsusi yeri var”, – deyə o bildirib.
Ekspertin fikrincə, mövcud inkişaf dinamikası davam edərsə, yaxın illərdə Türkiyənin hərbi qüdrəti və regional təsir imkanları daha da genişlənəcək.







