Avropa Şurası Parlament Assambleyasının (AŞPA) növbəti anti-Azərbaycan qətnaməsi yenidən siyasi müzakirələrə səbəb olub.
Məsələ ilə bağlı siyasi şərhçi Azər Həsrət EDnews-a açıqlamasında sənədin siyasi mahiyyəti və Azərbaycan–AŞPA münasibətlərinə mümkün təsirlərini dəyərləndirib.
O, açıqlamasında bildirib ki, AŞPA-da Azərbaycana qarşı qəbul edilən bu tip sənədlər artıq təsadüfi xarakter daşımır və müəyyən siyasi yanaşmanın davamı kimi qiymətləndirilə bilər.
Onun sözlərinə görə, son dövrlərdə təşkilat daxilində Azərbaycana münasibətdə ikili standartların müşahidə olunması ilə bağlı narahatlıqlar artır.
Ekspert qeyd edib ki, Azərbaycanın regionda formalaşdırdığı yeni reallıqlar, müstəqil xarici siyasət kursu və artan geosiyasi çəkisi bəzi dairələr tərəfindən birmənalı qarşılanmır. Bu baxımdan qəbul edilən qətnamələr daha çox siyasi təzyiq aləti təsiri bağışlayır.
Azər Həsrətin fikrincə, Azərbaycan beynəlxalq təşkilatlarla münasibətlərini qarşılıqlı hörmət və beynəlxalq hüquq prinsipləri əsasında qurmağa davam etməlidir.
O vurğulayıb ki, ölkənin milli maraqları və suveren mövqeyi bu münasibətlərdə əsas prioritet olaraq qalmalıdır.
Siyasi şərhçi əlavə edib ki, belə qərarlar Azərbaycanla dialoqu gücləndirmək əvəzinə münasibətlərdə əlavə gərginlik yarada bilər və konstruktiv əməkdaşlıq üçün daha balanslı yanaşmalara ehtiyac var.







