İran İslam Respublikası Futbol Federasiyası 2026-cı il dünya çempionatının qrup mərhələsinin son turunda Misirlə keçiriləcək oyun öncəsi planlaşdırılan LGBT tədbirinin ləğvi tələbi ilə FIFA-ya rəsmi etiraz ünvanlayıb.
EDnews xəbər verir ki, İran tərəfi iyunun 26-da keçiriləcək 2026 FIFA Dünya Çempionatı çərçivəsində İran-Misir matçı öncəsi nəzərdə tutulan tədbirin hər iki ölkənin dini və mədəni dəyərlərinə uyğun olmadığını bildirib.
"The Athletic" nəşrinin istinad etdiyi bəyanatda qeyd olunub ki, İran və Misir müsəlman ölkələri olaraq dərin mədəni və dini ortaq cəhətlərə malikdir və federasiyaların mövqeyi hər iki xalqın dəyərlərini əks etdirir.
Federasiya bəyan edib ki, sözügedən hərəkatla əlaqəli heç bir mərasim və ya təşviqat fəaliyyətinin stadionda və ya matç mühitində yer almamalı olduğunu düşünür və bu mövqenin FİFA-ya müvafiq kanallar vasitəsilə çatdırıldığını vurğulayıb.







