Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Moskva ABŞ-də müsadirə edilmiş diplomatik əmlakının mümkün qədər tez geri qaytarılmasına nail olmağa çalışacaq.
EDnews xəbər verir ki, diplomat brifinq zamanı Rusiyaya məxsus bütün diplomatik daşınmaz əmlakın qaytarılması məsələsinin ABŞ tərəfi qarşısında müxtəlif səviyyələrdə mütəmadi və qəti şəkildə qaldırıldığını deyib.
"Biz Rusiya diplomatik daşınmaz əmlakına aid bütün obyektlərin tezliklə qaytarılmasına nail olmaq üçün səylərimizi davam etdirəcəyik", - deyə Zaxarova vurğulayıb.
Onun sözlərinə görə, bu məsələ Moskva ilə Vaşinqton arasında münasibətlərdə mövcud olan "qıcıqlandırıcı amillərin" aradan qaldırılması üzrə dialoqun əsas mövzularından biridir və etimadın bərpası, eləcə də ikitərəfli əməkdaşlığın normallaşdırılması üçün alternativsiz şərt hesab olunur.
Zaxarova qeyd edib ki, ABŞ tərəfinə münasibətlərin normallaşdırılması istiqamətində konkret təkliflər təqdim olunsa da, ABŞ Dövlət Departamenti bu məsələyə hələlik reaksiya verməyib.
Rusiya XİN rəsmisinin sözlərinə görə, söhbət 2016-2018-ci illərdə ABŞ hakimiyyət orqanları tərəfindən müsadirə edilmiş altı Rusiya dövlət obyektindən gedir. Bunlar arasında Merilend və Nyu-York ştatlarında yerləşən istirahət kompleksləri, Vaşinqtondakı ticarət nümayəndəliyinin malikanəsi, fəaliyyətini dayandırmış San-Fransiskodakı baş konsulluğun iki binası və Sietldəki baş konsulun iqamətgahı yer alır.







