İsrail Müdafiə Ordusu (SAXAL) ölkə prezidentini daşıyan hərbi helikopterin təcili eniş etdiyini açıqlayıb.
EDnews xəbər verir ki, hadisə helikopterin uçuş zamanı quş sürüsü ilə toqquşması nəticəsində baş verib. Prezidentin iştirak etdiyi tədbirdən sonra hava gəmisi ölkənin şimalına istiqamət alarkən quşların helikopterin sistemlərinə düşməsi səbəbindən ekipaj təcili eniş etmək qərarı verib.
SAXAL-ın yaydığı məlumatda bildirilib ki, pilot yaranan nasazlığa baxmayaraq, helikopteri uğurla yerə endirə bilib.
Qeyd olunub ki, insident nəticəsində xəsarət alan olmayıb və texnikaya ciddi ziyan dəyməyib.
Təcili enişdən sonra prezident və onu müşayiət edən şəxslər başqa helikopterə keçərək səfərlərini planlaşdırıldığı kimi davam etdiriblər.
Hazırda İsrail Hərbi Hava Qüvvələrinin mütəxəssisləri helikopterdə texniki baxış keçirir, aidiyyəti qurumlar isə hadisənin başvermə səbəblərini araşdırır.






