Bu gün turizm sahəsində uğur artıq yalnız ölkəyə gələn turistlərin sayı ilə ölçülmür.
EDnews "Report"a istinadən xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Bakıda keçirilən “Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) ölkələrində yaşıl turizm” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, hazırda turizm sahəsində uğurun qiymətləndirilməsi meyarları dəyişir və daha çox keyfiyyət, davamlılıq və ekoloji məsuliyyət ön plana çıxır.
Fuad Nağıyev bildirib ki, Azərbaycanın əsas məqsədi zəngin təbii və mədəni irsi təkcə təqdim etmək deyil, həm də onu qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə ötürməkdir.
Qeyd edək ki, tədbirdə yaşıl turizm, davamlı inkişaf və regional əməkdaşlıq məsələləri müzakirə olunub.







