Dünya bazarında neftin qiyməti ABŞ və İran arasında aparılan danışıqlar fonunda ucuzlaşıb.
EDnews xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Məlumata görə, ticarətin əvvəlində “Brent” markalı neftin qiyməti 2 faiz azalaraq 78,94 dollara düşüb. WTI markalı neftin avqust fyuçersləri isə 0,9 faiz ucuzlaşaraq 75,19 dollar təşkil edib.
Bildirilir ki, bundan əvvəl neft qiymətləri ABŞ-ın İranı “Hizbullah”a dəstəyə görə hədələməsindən sonra artmışdı. Lakin İsveçrədə keçirilən danışıqlar zamanı Tehranla Vaşinqton arasında yekun sazişə nail olmaq üçün 60 günlük yol xəritəsi üzrə razılıq əldə olunub.
Məlumata əsasən, danışıqlar çərçivəsində İran neftinə tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması, blokadanın götürülməsi və aktivlərin dondurulmasının ləğvi məsələləri də müzakirə olunub.
ING analitikləri isə bildiriblər ki, son hadisələr daha davamlı sazişə nail olmağın mürəkkəb proses olacağını göstərir. Ekspertlərin fikrincə, əsas amillərdən biri Fars körfəzindən neft və mayeləşdirilmiş təbii qaz tədarükünün bərpa olunub-olunmayacağıdır.
Qeyd edək ki, daha əvvəl ABŞ və İranın Hörmüz boğazında gəmiçiliklə bağlı danışıqlarda irəliləyiş əldə etdiyi bildirilmişdi.







.jpeg)