Qara dənizdə Ukrayna limanlarına doğru hərəkət edən mülki ticarət gəmiləri hücuma məruz qalıb.
EDnews xəbər verir ki, bu barədə Ukrayna Hərbi-Dəniz Qüvvələri və ölkənin icmalar və ərazilərin inkişafı naziri Aleksey Kuleba məlumat yayıblar.
Məlumata görə, iyunun 22-nə keçən gecə pilotsuz uçuş aparatı Türkiyə gəmi sahibinə məxsus, Panama bayrağı altında üzən VICTRESS quru yük gəmisinə zərbə endirib. Nəticədə gəmidə genişmiqyaslı yanğın baş verib.
Gəmidə Misir, Türkiyə və Hindistan vətəndaşlarından ibarət 9 nəfərlik heyət olub. Ukrayna Hərbi-Dəniz Qüvvələrinin kater ekipajları tərəfindən xilasetmə əməliyyatı keçirilib və heyət üzvləri təxliyə olunub. Buna baxmayaraq, 58 yaşlı ekipaj üzvü — Misir vətəndaşı olan aşpaz həlak olub. Daha 8 dənizçi xilasetmə salı ilə gəmini tərk edib.
Ukrayna tərəfinin məlumatına görə, hücum nəticəsində gəmi ciddi zədələnib və faktiki olaraq dənizdə hərəkət qabiliyyətini itirib.
Kulebanın sözlərinə görə, həmin gecə Rusiya qüvvələri Palau və Beliz bayraqları altında üzən daha iki mülki ticarət gəmisinə də hücum edib. Zədələrə baxmayaraq, həmin gəmilər hərəkətini davam etdirə bilib. Ekipaj üzvləri arasında xəsarət alanların olmadığı bildirilir.
Qeyd edək ki, iyunun 19-da da Ukrayna dəniz dəhlizi ilə hərəkət edən iki mülki gəminin hücuma məruz qaldığı açıqlanmışdı. Həmin hadisə zamanı Panama bayrağı altında üzən gəmidə bir ekipaj üzvü həlak olmuş, iki dənizçi yaralanmışdı.






