Ermənistanda müxalifət qüvvələrinin birləşdirilməsi təşəbbüsü ölkənin siyasi gündəmini yenidən hərəkətə gətirib.
EDnews xəbər verir ki, Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresi müxalifət partiyalarına və hərəkatlara “Yox” adlı ümummilli cəbhənin yaradılması təklifini edib.
Partiyanın bəyanatında seçkilər zamanı genişmiqyaslı və sistemli pozuntuların baş verdiyi, bunun nəticəsində vətəndaşların iradəsinin təhrif olunduğu və dövlət hakimiyyətinin legitimliyinin zərbə aldığı iddia olunur.
Bəyanatda hakimiyyətin əsas məqsədinin parlamentdə konstitusion çoxluq formalaşdırmaq olduğu bildirilir. Sənəddə qeyd edilir ki, bu addım Ermənistan Konstitusiyasından Müstəqillik Bəyannaməsinə istinadların çıxarılmasına və ölkənin idarəetmə sistemində ciddi dəyişikliklərə yol aça bilər.
Erməni Milli Konqresi bütün müxalif qüvvələrin iştirakı ilə vahid rəhbər orqanın yaradılmasını, növbədənkənar seçkilər tələbi ilə kütləvi aksiyaların keçirilməsini və yarımprezident idarəetmə modeli əsasında yeni Konstitusiya layihəsinin hazırlanmasını təklif edib.
Təşəbbüs Ermənistanda daxili siyasi qarşıdurmanın daha da dərinləşəcəyinə dair müzakirələri gücləndirib.
Qeyd edək ki, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları ilə əlaqələndirilən müddəaların saxlanılması Bakı tərəfindən sülh prosesinə maneə kimi qiymətləndirilir. Bu baxımdan Levon Ter-Petrosyan və onun ətrafında birləşən siyasi qüvvələr anlamalıdırlar ki, Azərbaycan xalqının qanına batan keçmiş siyasətlərin yenidən gündəmə gətirilməsi bölgəyə sülh yox, yeni qarşıdurma vəd edir.
Əgər Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı müddəalar saxlanılırsa və onların çıxarılmasına qarşı kampaniya aparılırsa, bu, mahiyyət etibarilə sülh prosesinə qarşı çıxmaq deməkdir. Açıq demək lazımdır ki, bu cür yanaşma yeni savaş riskinin yaşadılması anlamına gəlir. Azərbaycan isə öz ərazi bütövlüyünü və suverenliyini müzakirə mövzusu hesab etmir.
Türklərin ifadəsi ilə desək, “hodri meydan”. Əgər bəzi siyasi dairələr yenidən qarşıdurma yolunu seçmək, Azərbaycanın iradəsini sınağa çəkmək istəyirlərsə, bunun nəticələrinin məsuliyyəti də onların üzərində olacaq. Azərbaycan son illərdə öz gücünü nümayiş etdirib və dəmir yumruğun nəyə qadir olduğunu bütün dünya görüb. Regionun ehtiyacı yeni müharibə deyil, real sülhdür. Bunun yolu isə Azərbaycana qarşı ərazi iddialarından birdəfəlik imtina etməkdən keçir.







