ABŞ-nin Nyu-York şəhərində yerləşən bir qəbiristanlıqda aparılan araşdırma gözlənilməz nəticə verib.
EDnews xəbər verir ki, bioloqlar torpağın altında milyonlarla vəhşi arının yaşadığını müəyyən ediblər.
Kornell Universitetinin alimləri İst-Lon qəbiristanlığında dünyanın ən böyük və ən qədim yeraltı vəhşi arı koloniyalarından birini aşkarlayıblar.
Təxminən 6 min kvadratmetr ərazini əhatə edən sahədə orta hesabla 5,5 milyon arının yuva saldığı müəyyən olunub. Mütəxəssislərin fikrincə, koloniyanın bu qədər böyüməsinə qumlu torpaq şəraiti və ərazidə onilliklər ərzində pestisidlərdən istifadə olunmaması səbəb olub.
Araşdırma göstərib ki, erkək arılar temperatur 20 dərəcəyə çatanda dişilərdən bir neçə gün əvvəl torpaqdan çıxırlar. Bu davranış onların cütləşmə üçün daha əlverişli mövqelər tutmasına və genlərini gələcək nəslə ötürməsinə imkan yaradır.
Alimlər bu nəhəng yeraltı koloniyanın vəhşi arıların həyat tərzinin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirirlər.







