Özü və digər hərəkət iştirakçıları üçün real təhlükə yaradan piyada yol polisi tərəfindən saxlanılıb.
EDnews xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, qanunvericiliyin tələblərinə əsasən piyadalar avtomobil yolunun hərəkət hissəsini, küçələri piyada keçidləri, o cümlədən yeraltı və yerüstü keçidlər vasitəsilə keçməlidirlər. Belə keçidlər olmadıqda isə yolayrıclarında səki xətti və ya yol çiyni boyunca hərəkət etməlidirlər.
Məlumata görə, yaxınlıqda yerüstü piyada keçidinin olmasına baxmayaraq, piyadanın onlar üçün nəzərdə tutulmayan yerdən yolu keçməyə cəhd göstərdiyi müəyyən edilib. Yol polisi əməkdaşları həmin şəxsi saxlayaraq onunla maarifləndirici söhbət aparıblar.
DİN bir daha bütün hərəkət iştirakçılarını yol hərəkəti qaydalarına əməl etməyə çağırıb və bildirib ki, qaydalara riayət etmək həm şəxsin özünü, həm də digər insanların həyatını təhlükədən qoruyur.







