İran nümayəndə heyəti İsveçrədə təxminən 18 saat davam edən intensiv danışıqlar və məsləhətləşmələrdən sonra Tehrana yola düşüb.
EDnews xəbər verir ki, bu barədə İranın dövlət televiziyası "IRIB" məlumat yayıb.
Məlumata görə, İran parlamentinin sədri və baş müzakirəçi Məhəmməd Baqer Qalibafın rəhbərlik etdiyi nümayəndə heyəti Bürgenştokda keçirilən Lütsern gölü sammitinin yekunlaşmasından sonra İsveçrəni tərk edib.
Qətər və Pakistan vasitəçiləri danışıqların “müsbət və konstruktiv atmosferdə” keçdiyini, tərəflər arasında “ümidverici irəliləyiş” əldə olunduğunu bildiriblər.
Vasitəçilərin açıqlamasına əsasən, tərəflər yekun razılaşmaya doğru danışıqları irəli aparmaq üçün bir sıra mexanizmlər üzrə razılığa gəliblər. Bunlara yüksək səviyyəli komitənin yaradılması, texniki işçi qruplarının formalaşdırılması və yekun sazişə aparan 60 günlük yol xəritəsi daxildir.
Həllini gözləyən məsələlər üzrə texniki danışıqların bu həftənin sonunda davam etdiriləcəyi gözlənilir.



.jpeg)



