Gürcüstanda COVID-19-a yoluxma hallarının yenidən artması Azərbaycanda da mümkün risklərlə bağlı suallar yaradıb.
Sözügedən mövzu ilə bağlı EDnews Səhiyyə Nazirliyinə sorğu ünvanlanıyıb.
Sorğuya cavab olaraq Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bildirib ki, hazırda COVID-19 mövsümi respirator xəstəliklərlə eyni səviyyədə qiymətləndirilir.
Onun sözlərinə görə, Gürcüstan tərəfinin rəsmi açıqlamalarında da müraciətlərin böyük qisminin yüngül və ağırlaşmayan formada olduğu qeyd edilir:
“Azərbaycan əhalisi həm keçirilmiş infeksiyalar nəticəsində formalaşmış təbii immunitet, həm də vaxtilə aparılmış geniş peyvəndləmə kampaniyaları sayəsində müəyyən qoruyucu immunitetə malikdir”, - deyə Təyyar Eyvazov bildirib.
Nazirlik rəsmisi qeyd edib ki, ölkədə epidemioloji nəzarət və laborator diaqnostika, o cümlədən PCR testləşdirmə sistemləri tam işlək vəziyyətdədir.
Təyyar Eyvazovun sözlərinə görə, yay fəslinin gəlişi ilə respirator infeksiyaların ümumi dinamikasında iyul-avqust aylarında azalma gözlənilir.
“Hazırda Gürcüstanda müşahidə olunan epidemioloji vəziyyətin Azərbaycan üçün əlavə təhlükə yaratdığına dair hər hansı əsas yoxdur. Azərbaycanın səhiyyə və epidemioloji nəzarət strukturları tərəfindən regiondakı vəziyyətin yaxından monitorinq edilməsi və standart preventiv tədbirlərin saxlanılması mövcud risklərin nəzarət altında saxlanılması üçün kifayət edir”, - deyə infeksionist vurğulayıb.
Qeyd edək ki, Gürcüstanda hazırda yüngül, ağırlaşmamış hallara səbəb olan viruslar - insan metapnevmovirusu, tənəffüs sinsitial virusu və adenovirus geniş yayılıb. Bu viruslar daha çox soyuqdəyməyə və soyuqdəyməyə bənzər simptomlara səbəb olur. Bu barədə mətbuata İaşvili Mərkəzi Uşaq Xəstəxanasının tibb direktoru, Tbilisi Dövlət Tibb Universitetinin professoru İvane Çxaidze məlumat verib. Onun sözlərinə görə, əsas simptomlar öskürək və asqırma, qızdırma, yüksək hərarət, burun axıntısı və boğaz ağrısı, nəfəs darlığı və nəfəs almaqda çətinlik, əzələ ağrısı və ağır hallarda ümumi zəiflikdir. O deyib ki, son 3 həftə ərzində Gürcüstanda laboratoriyada təsdiqlənmiş koronavirus halları aşkar edilib. Xəstəxanalarda ağır kəskin respirator virus halları qrip kimi deyil, koronavirus kimi qeydə alınıb.
Aytac Kərimova| EDnews







