Azərbaycanda yumurta qiymətlərinin kəskin düşməsi ilə bağlı bir sıra KİV-də və sosial şəbəkələrdə satışa çıxarılan yumurtalar barədə əsassız iddiaların yayıldığı bildirilib.
EDnews xəbər verir ki, bu barədə “Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyi məlumat yayıb.
Assosiasiyadan bildirilib ki, yayılan iddialar arasında yumurtaların köhnə, yaxud süni olması ilə bağlı fikirlər də yer alır. Qurum bu iddiaların həqiqəti əks etdirmədiyini qeyd edib.
“Ölkəmizə xaricdən ərzaqlıq yumurta idxal olunmur”, — deyə məlumatda vurğulanıb.
Assosiasiyanın İdarə Heyətinin sədri Mürvət Həsənli bildirib ki, Azərbaycan istehsalçıları daxili bazarın yumurtaya olan tələbatını artıqlaması ilə təmin edirlər. Onun sözlərinə görə, ölkədə yumurta istehsalı tələbatdan yüksək olduğu üçün son günlər qiymətlərdə ucuzlaşma müşahidə edilir.
M.Həsənli qeyd edib ki, bu şəraitdə xaricdən, xüsusilə də “süni yumurta” idxalı barədə iddialar absurddur. O bildirib ki, Azərbaycanda süni yumurta istehsalı texnologiyası mövcud deyil.
Assosiasiya hesab edir ki, bu cür iddialar yerli quşçuluq təsərrüfatlarının işgüzar nüfuzuna zərbə vurmaq məqsədi daşıyır.
Mürvət Həsənli bir daha vurğulayıb ki, Azərbaycanda təbii yumurta istehsalı kifayət qədərdir və süni, yaxud xaricdən idxal olunacaq yumurtalara ehtiyac yoxdur.







