Konqo Demokratik Respublikasında davam edən Ebola epidemiyası fonunda Braziliya və İtaliyada virus şübhəsi daşıyan halların araşdırılması beynəlxalq narahatlığı artırıb.
EDnews xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.
Bildirilib ki, Konqo Demokratik Respublikasında Bundibuqyo ştammının səbəb olduğu Ebola epidemiyası davam edir.
Epidemiya zamanı müalicə alan dörd tibb bacısı və bir laboratoriya əməkdaşı sağalaraq xəstəxanadan buraxılıb.
Bununla belə, ölkədə yoluxma halları artmaqda davam edir.
Son məlumatlara əsasən, KDR-də Ebola virusuna yoluxma hallarının sayı 282-yə, ölənlərin sayı isə 42-yə çatıb.
Afrika Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi hazırda 1100-dən çox şübhəli halın araşdırıldığını açıqlayıb.
ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus bildirib ki, Bundibuqyo ştammına qarşı hazırda lisenziyalı peyvənd və ya xüsusi müalicə mövcud deyil.
Bununla yanaşı, erkən müdaxilə və güclü dəstəkləyici müalicə sayəsində xəstələrin sağalma şansının əhəmiyyətli dərəcədə artdığı qeyd olunub.
Epidemiya bölgələrinə səfər etmiş şəxslərlə bağlı şübhəli hallar Braziliya və İtaliyada xüsusi səhiyyə protokollarının işə salınmasına səbəb olub.
Braziliyanın San-Paulu və Rio de Janeyro şəhərlərində yüksək hərarətlə xəstəxanaya müraciət edən iki nəfərdə ilkin olaraq meningit və malyariya aşkarlanıb.
Buna baxmayaraq, səhiyyə qurumları Ebola ehtimalının tam istisna edilmədiyini və müşahidələrin davam etdiyini bildiriblər.
İtaliyanın Sardiniya bölgəsində isə Konqo Demokratik Respublikasından qayıdan və Ebola simptomları göstərən sərnişinlə bağlı təcili protokollar tətbiq edilib.
Sonradan aparılan testlərin mənfi nəticə verdiyi açıqlansa da, vəziyyətin diqqətlə izlənildiyi bildirilir.
Qeyd olunur ki, beynəlxalq reaksiyanın gecikməsi virusun regional sərhədləri aşaraq digər ölkələrə daşınması riskini artırıb.
KDR tarixində qeydə alınan 17-ci Ebola epidemiyası artıq ölkənin ən böyük epidemiyalarından biri kimi qiymətləndirilir.



.jpg)


