Yeni Amivantamab dərmanı ilə bağlı aparılan klinik sınaqlarda bəzi xərçəng xəstələrində şişlərin əhəmiyyətli dərəcədə kiçildiyi və bir qismində tam yox olduğu bildirilib.
EDnews xəbər verir ki, “The Guardian” qəzeti Amivantamab adlı yeni xərçəng dərmanının klinik sınaqlarda ümidverici nəticələr göstərdiyini yazıb.
Nəşrin məlumatına görə, beynəlxalq tədqiqatda müalicəyə çətin tabe olan baş və boyun xərçəngindən əziyyət çəkən 102 xəstə iştirak edib. Bu şəxslərin xəstəliyi daha əvvəl kimyaterapiya və immunoterapiyaya qarşı davamlılıq göstərib.
Sınaqlar zamanı 43 xəstədə şişlərin kiçildiyi və ya tamamilə yox olduğu bildirilib. Onlardan 15-də isə həkimlər şişlərin tam aradan qalxdığını qeydə alıblar.
Mütəxəssislər nəticələri xərçəng müalicəsi baxımından mühüm irəliləyiş kimi qiymətləndirirlər. Bununla belə, dərmanın daha geniş tətbiqi üçün əlavə tədqiqatların aparılmasına ehtiyac olduğu vurğulanır.
Amivantamab şişlərin böyüməsində və müalicəyə müqavimətində rol oynayan EGFR və MET yollarını hədəfə alır, eyni zamanda immun sisteminin xərçəng hüceyrələrinə qarşı fəaliyyətini gücləndirir.
“The Guardian” yazır ki, dərman inyeksiya şəklində tətbiq olunur və ənənəvi müalicə üsulları nəticə verməyən xəstələr üçün yeni ümid kimi dəyərləndirilir.
Qeyd edək ki, Amivantamab hazırda digər xərçəng növlərinə qarşı da araşdırılır. Cancer Research UK-nin məlumatına görə, dərmanın yüksək dərəcəli qlioblastoma kimi beyin şişləri üzrə də ayrıca klinik sınaqları aparılır.




.jpg)

