Türkiyə Rusiya və Ukrayna arasında aparıla biləcək yeni sülh danışıqları üçün platforma təqdim etməyə hazırdır.
EDnews xəbər verir ki, bunu Kremlin xarici siyasət üzrə müşaviri Yuri Uşakov açıqlayıb.
Rusiyanın Tatarıstan Respublikasının paytaxtı Kazanda danışan Uşakov daha əvvəl İstanbulda keçirilən danışıqları xatırladıb və Ankaranın diplomatik təşəbbüslərini davam etdirdiyini bildirib.
“Türkiyə rəsmiləri Ukrayna məsələsinin həllinə dair danışıqlar üçün platforma təqdim etməyə hazır olduqlarını təsdiqləyiblər”, - deyə o qeyd edib.
Kreml rəsmisi Rusiya Prezidenti Vladimir Putin ilə Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında keçirilən görüşə də diqqət çəkib. Görüşdən sonra Türkiyənin vasitəçilik rolunun yenidən ön plana çıxdığı bildirilir.
Qeyd olunur ki, Ankara müharibənin əvvəlindən etibarən tərəflər arasında diplomatik təmasların davam etdirilməsi üçün fəal mövqe nümayiş etdirib. Türkiyə daha əvvəl İstanbulda bir neçə danışıqlar raunduna ev sahibliyi edib, həmçinin taxıl dəhlizi sazişi kimi mühüm diplomatik proseslərdə vasitəçi rolunu oynayıb.
Uşakov açıqlamasında Avropa ölkələrini də tənqid edib. Onun sözlərinə görə, Ukraynanın pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumlar Vladimir Putinlə Ukrayna Prezidenti Volodimir Zelenski arasında mümkün görüşü yaxınlaşdırmır.
Fransanın ev sahibliyi etdiyi G7 Liderlər Zirvəsinə toxunan Kreml müşaviri Avropa ölkələrinin müharibənin davam etməsini istədiyini iddia edib:
“Yəqin ki, ABŞ Prezidenti Donald Trampa faydasız, hətta zərərli fikirlər təlqin edilib. Avropalılar müharibənin davam etməli olduğunu israr edirlər. Onlar döyüş meydanındakı vəziyyətin Ukraynanın xeyrinə olduğu fərziyyəsindən çıxış edirlər. Bu, yanlış fərziyyədir”.
Uşakov G7 sammitindən sonra ABŞ administrasiyası ilə hələlik birbaşa təmas qurulmadığını, lakin Vaşinqtondan zirvənin nəticələri ilə bağlı məlumat gözlədiklərini bildirib.
Bununla yanaşı, Kreml rəsmisi ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Steve Witkoff və ABŞ Prezidenti Donald Trampın kürəkəni Jared Kushnerin yaxın vaxtlarda Rusiyaya səfər edəcəyini açıqlayıb.
Səfərin dəqiq tarixinin hələ müəyyənləşmədiyi qeyd olunub.







