Türkiyənin Antalya vilayətində otellərdən birində xlor sızması baş verib.
EDnews xəbər verir ki, bu barədə "Haber7" məlumat yayıb.
Məlumata görə, hadisə Manavqatın məşhur turizm bölgələrindən biri olan Kızılağaç ərazisində yerləşən oteldə qeydə alınıb.
Xlor sızması otelin texniki otağında dezinfeksiya işləri aparılan zaman baş verib. Nəticədə həm otel əməkdaşları, həm də qonaqlar xlor buxarından təsirləniblər.
Ümumilikdə 25 nəfər ehtiyat tədbiri olaraq yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Tibbi müayinədən sonra onların evə buraxıldığı bildirilib. Zərərçəkənlərin vəziyyəti qənaətbəxş qiymətləndirilir.
Hadisə yerinə təcili tibbi yardım briqadaları və jandarma əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma başlanıb.







