ABŞ Prezidenti Donald Tramp İsraildə keçiriləcək seçkilərlə bağlı açıqlama verib.
EDnews xəbər verir ki, Tramp İsrailin dövlət televiziyası "KAN"-a müsahibəsində Baş nazir Benyamin Netanyahu ilə münasibətlərinin yaxşı olduğunu bildirib.
O, bununla belə, Netanyahuya daha rasional davranmaq çağırışı edib:
“Onunla yaxşı münasibətlərim var. Amma daha məntiqli davranmalıdır. Onunla görüşməyə hazıram”.
Tramp İsraildə yaxınlaşan seçkilərdə Netanyahuya dəstək verə biləcəyini də istisna etməyib:
“Seçkilərdə böyük ehtimalla Netanyahunu dəstəkləyəcəyəm, amma kimlərin namizəd olacağını görmək lazımdır”.
Son həftələrdə Vaşinqtonla Tel-Əviv arasında diplomatik münasibətlərdə müəyyən gərginlik müşahidə olunur. Xüsusilə ABŞ-ın İranla apardığı diplomatik proses və Livanda davamlı atəşkəsin təmin olunması istiqamətindəki təşəbbüslər Netanyahu hökuməti tərəfindən ehtiyatla qarşılanıb.
Bununla yanaşı, Tramp administrasiyası İsrailin Livandakı hərbi əməliyyatlarından narahatlığını açıq şəkildə ifadə edib. ABŞ Prezidentinin bəzi telefon danışıqlarında Netanyahuya sərt xəbərdarlıq etdiyi və onu ictimai şəkildə tənqid etdiyi də mediada yer alıb.
ABŞ ilə İran arasında əldə edilən razılaşmanın Livan məsələsini də əhatə etməsi İsraildə siyasi müzakirələri daha da dərinləşdirib.
İsrail mediasında Vaşinqtonun Tel-Əvivi prosesdən kənarda saxladığına dair şərhlər səsləndirilir. Netanyahu hökuməti isə həm müxalifətin, həm də öz siyasi bazasının tənqidləri ilə üzləşib.
Yaxınlaşan seçkilər fonunda Netanyahunun ABŞ-la münasibətlərdə yaranan gərginliyin siyasi təsirlərini idarə etməyə çalışdığı bildirilir. Trampın son açıqlamaları isə iki lider arasında siyasi bağların tamamilə qopmadığını göstərir.







