Albaniya və Azərbaycan arasında güclü və inkişaf edən əlaqələr mövcuddur. Bu münasibətlərin əsasını son illərdə Trans-Adriatik Boru Kəməri — TAP layihəsi təşkil edir.
EDnews Oxu.Az-a istinadən xəbər verir ki, bunu Albaniyanın maliyyə nazirinin müavini Endrit Yzeiraj İslam İnkişaf Bankı Qrupunun Bakıda keçirilən illik toplantıları çərçivəsində deyib.
Onun sözlərinə görə, Xəzər regionundan başlayaraq Albaniya üzərindən İtaliyaya uzanan TAP layihəsi təkcə Albaniya üçün deyil, həm də Şərqi, Mərkəzi və Cənubi Avropa üçün strateji əhəmiyyət daşıyır.
Nazir müavini bildirib ki, Albaniya və Azərbaycan arasında münasibətlərin inkişafı üçün turizm, enerji, nəqliyyat və mədəniyyət sahələrində geniş əməkdaşlıq imkanları mövcuddur:
“Biz əlaqələrimizi daha da genişləndirməyə çalışırıq. Hazırda əsas hədəflərimizdən biri Tirana ilə Bakı arasında birbaşa aviareysin açılmasıdır. Son illərdə Tirana və ümumilikdə Albaniya sürətlə inkişaf edən turizm istiqamətinə çevrilib. Biz Azərbaycanla və onun xalqı ilə münasibətlərimizi daha da gücləndirmək, turizm sahəsində təcrübə mübadiləsini artırmaq istəyirik”.
Endrit Yzeiraj qeyd edib ki, yeni turizm marşrutlarının yaradılması və turist axınının artırılması istiqamətində Albaniyanın bölüşə biləcəyi zəngin təcrübə var.
Onun sözlərinə görə, Azərbaycan, xüsusilə Bakı beynəlxalq tədbirlərin keçirildiyi mühüm konfrans və biznes mərkəzinə çevrilib. Albaniya isə Aralıq dənizi hövzəsində sürətlə inkişaf edən turizm məkanı kimi tanınır:
“Bu baxımdan iki ölkə arasında əməkdaşlıq üçün geniş imkanlar var”.
Nazir müavini iki ölkəni birləşdirən mühüm amillərdən birinin də ortaq tarixi və mədəni irs olduğunu vurğulayıb. O bildirib ki, sosializm dövrü, eləcə də Osmanlı irsi ilə bağlı müəyyən ortaq təcrübələr və mədəni yaxınlıqlar gələcək əməkdaşlığın inkişafı üçün əlavə imkanlar yaradır.
Endrit Yzeiraj enerji sahəsində əməkdaşlığın da davam etdiyini qeyd edib. Onun sözlərinə görə, son illərdə Albaniyanın ən soyuq və dağlıq bölgələrindən biri olan Korça şəhərinin qazlaşdırılması ilə bağlı layihə üzərində iş aparılır:
“Korça bu istiqamətdə pilot şəhər kimi nəzərdə tutulur və təbii qazın Azərbaycandan tədarük olunması planlaşdırılır. Layihə ilə bağlı müzakirələr davam edir. Bu, çox böyük və mühüm təşəbbüsdür. Ona görə də həllini gözləyən çoxsaylı texniki məsələlər mövcuddur”.
Nazir müavini əlavə edib ki, bu layihə ilə bağlı həm Albaniyanın Baş naziri, həm də Azərbaycanın Prezidenti səviyyəsində yüksək səviyyəli dialoq aparılıb.
Sonda Endrit Yzeiraj iki ölkə arasında münasibətlərin daha da dərinləşəcəyinə inandığını bildirib:
“Biz münasibətlərimizin yalnız görünən hissəsini kəşf etmişik və bu əlaqələri daha da dərinləşdirmək niyyətindəyik. Ən vacibi isə odur ki, ölkələrimiz sülhə və qarşılıqlı əməkdaşlığa əsaslanan dünya nizamı ilə bağlı ortaq baxışı bölüşür. İnanıram ki, məhz bu fundamental yanaşma gələcəkdə quracağımız bütün əməkdaşlığın əsasını təşkil edəcək”.







