İyunun 19-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Almaniya Federativ Respublikasının Azərbaycandakı səfiri Ralf Horlemannı qəbul edib.
EDnews xəbər verir ki, görüş səfirin ölkəmizdə diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar keçirilib.
Görüş zamanı Azərbaycan ilə Almaniya arasında mövcud ikitərəfli münasibətlərin vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər siyasi dialoqun, iqtisadi-ticarət əlaqələrinin, enerji təhlükəsizliyi, yaşıl enerji, nəqliyyat-kommunikasiya, təhsil, səhiyyə və mədəni-humanitar sahələrdə əməkdaşlığın inkişafının əhəmiyyətini vurğulayıblar.
Azərbaycan və Almaniya arasında yüksək səviyyəli qarşılıqlı səfərlərin və təmasların ikitərəfli münasibətlərin inkişafına verdiyi töhfə qeyd olunub. Bu çərçivədə əməkdaşlığın daha da genişləndirilməsi üçün mövcud potensial, o cümlədən biznes dairələri arasında əlaqələrin təşviqi məsələləri müzakirə edilib.
Görüşdə postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycan-Ermənistan normallaşma prosesi, eləcə də işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işləri barədə fikir mübadiləsi aparılıb.
Tərəflər Azərbaycanın ev sahibliyi etdiyi COP29 çərçivəsində əldə olunmuş nəticələrin iqlim gündəliyinin irəlilədilməsinə verdiyi töhfəni də qeyd ediblər. Yaşıl keçid və bərpa olunan enerji sahələrində əməkdaşlıq imkanları nəzərdən keçirilib.
Nazir Ceyhun Bayramov səfir Ralf Horlemanna gələcək fəaliyyətində uğurlar arzulayıb.
Səfir Ralf Horlemann isə Azərbaycanda fəaliyyəti müddətində göstərilən dəstəyə görə minnətdarlığını bildirib.
Görüş zamanı qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər də müzakirə olunub.









