İran Futbol Federasiyası DÇ-2026 zamanı milli komandaya tətbiq edilən səyahət məhdudiyyətləri ilə bağlı FIFA-ya rəsmi şikayət edəcək.
EDnews xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Məlumata görə, İran yığması ABŞ-da keçiriləcək oyunlara yalnız matç günləri üçün daxil ola bilir. Komandaya ABŞ ərazisində oyun günlərindən kənar qalmağa icazə verilmir. Bu səbəbdən İran millisi Meksikadakı bazasından ABŞ-a səfər etməli, oyunlardan sonra isə yenidən ölkəni tərk etməlidir.
İran tərəfi hesab edir ki, bu məhdudiyyətlər komandanı digər iştirakçılarla müqayisədə əlverişsiz vəziyyətə salır və hazırlıq prosesinə mənfi təsir göstərir.
Federasiyanın bildirdiyinə görə, İran millisinə Belçika ilə Los-Ancelesdə keçiriləcək oyun öncəsi şəhərə yalnız matçdan 24 saat əvvəl gəlməyə icazə verilib. Halbuki İran tərəfi qarşılaşmanın keçiriləcəyi şəhərə iki gün əvvəl gəlmək istəyib.
Baş məşqçi Əmir Qalenoeyi İran millisinin turnirdə “ən çox sıxışdırılan komanda” olduğunu bildirib. Kapitan Mehdi Taremi isə yaranmış vəziyyəti “fəlakət” adlandırıb.
Qeyd edək ki, İran millisi DÇ-2026-nın qrup mərhələsində növbəti oyununu iyunun 21-də Los-Ancelesdə Belçikaya qarşı keçirəcək. Komandanın daha sonra iyunun 27-də Sietldə Misirlə qarşılaşacağı bildirilir.







