Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbə müdiri Hikmət Hacıyevin Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşmək üçün iyunun 14-də Dilican şəhərinə səfəri Ermənistan mətbuatında müzakirələrə səbəb olub.
EDnews xəbər verir ki, Ermənistanın “Hraparak” nəşri Hikmət Hacıyevin 1992-1994-cü illər müharibəsindən sonra Dilicana səfər edən ilk yüksəkvəzifəli Azərbaycan rəsmisi olmadığını yazıb.
Nəşr Dilicana səfər edən ilk yüksəkvəzifəli Azərbaycan rəsmisinin keçmiş təhsil naziri Misir Mərdanov olduğunu xatırladıb.
“Hraparak” yazır ki, Misir Mərdanov 1946-cı il oktyabrın 3-də Dilican rayonunun Göyərçin kəndində anadan olub. 1950-ci illərdə həmin kənd ləğv edilib, sakinləri isə Dilican icmasının Salah kəndinə köçürülüb.
Məlumata görə, Mərdanov təhsil naziri olduğu dövrdə beynəlxalq elmi konfransda iştirak etmək üçün İrəvana səfər edib. O, səfər zamanı doğma evini görmək istədiyini bildirib və bu istəyi yerinə yetirilib.
Keçmiş nazir Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşlarının müşayiəti ilə doğma kəndinə gedib. Onunla birlikdə rusdilli jurnalistin də olduğu, həmin şəxsin kəndi, məktəbi və Mərdanovların evini lentə aldığı qeyd olunur.
Nəşrin məlumatına görə, həmin vaxt Mərdanovların ata evində Azərbaycanın keçmiş Xanlar rayonundan, indiki Göygöldən Ermənistana köçmüş Qriqor Qabrielyan adlı yaşlı erməni həyat yoldaşı ilə birlikdə yaşayırdı.
Misir Mərdanov həmin ailə ilə görüşüb və atası Cümeyil Mərdanovun xahişi ilə doğma həyətdən iki ovuc torpaq götürüb.
Geri qayıdarkən keçmiş nazir bir vaxtlar təhsil aldığı məktəbə də baş çəkib.
“Hraparak” qeyd edir ki, Qriqor Qabrielyanın vəfatından sonra Mərdanovların evi iki dəfə satılıb. Hazırda evin yeni sahibləri ondan bağ evi kimi istifadə edirlər.







