"Məhərrəm ayı müsəlman cəmiyyəti üçün yalnız qəm və kədər ayı deyil, həm də mənəvi hesabat dövrüdür".
İlahiyyatçı Ağa Hacıbəyli bunu EDnews-a danışarkən bildirib.

Onun sözlərinə görə, hər bir insan bu ayda ötən bir il ərzində öz davranışlarını, mənəvi məsuliyyətini və Allah qarşısında qulluq borcunu yenidən düşünməlidir.
“Artıq daha bir ili geridə qoyuruq. Kərbəla hadisəsi əsrlər keçməsinə baxmayaraq, bu gün də öz aktuallığını qoruyur. Bu hadisə, təkcə ağrı-acı və faciə kimi deyil, həm də fədakarlıq, mərdlik və rəşadət nümunəsi kimi təqdim olunmalıdır".
İlahiyyatçı Məhərrəm ayı ilə bağlı bəzi rituallara da münasibət bildirib. O qeyd edib ki, zəncir vurmaq, özünə xəsarət yetirmək və qan çıxarmaq kimi hallar İslamın mahiyyətindən deyil, daha çox sonradan formalaşmış adətlərdən qaynaqlanır:
“Heç kimin İslam kimi böyük bir dini qorxuducu və vahiməli görüntülərlə təqdim etməyə haqqı yoxdur. Bu ayda daha çox bir-birimizə dayaq olmalı, mərhəmət və şəfqət hissimizi gücləndirməliyik. Hüseyni ruhu, onun mübarizə və mücadilə yolunu öyrənməli, daha səbirli və təmkinli olmalıyıq”.
Aytac Kərimova | EDnews







