İran nümayəndə heyəti İsveçrədə keçirilən danışıqların aparıldığı məkanı Tehranın Vaşinqtonun təzyiq və təhdidlərini qəbul etmədiyini nümayiş etdirmək üçün tərk edib.
Rusiyalı politoloq Darya Qrevtsova bunu EDnews-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, İran nümayəndə heyəti ABŞ Prezidenti Donald Trampın təhdidlərindən sonra görüş yerini tərk edib:
"Çünki İran bununla öz gücünü göstərmək, ABŞ tərəfindən kobud münasibəti və hər hansı təhdidi qəbul etmədiyini nümayiş etdirmək istəyirdi”.
Qrevtsovanın fikrincə, bu addım diplomatik siqnal kimi qiymətləndirilə bilər. Onun sözlərinə görə, İran müstəqil oyunçu olduğunu və təzyiqlər fonunda belə öz maraqlarını müdafiə edəcəyini göstərməyə çalışır.
“Bu, öz maraqlarını qorumaq istəyən, müstəqilliyini göstərən və öz dəyərini bilən bir ölkənin normal reaksiyasıdır”, - politoloq vurğulayıb.
O, həmçinin qeyd edib ki, Qətər və Pakistanın bu prosesdə vasitəçi rolunda çıxış etməsi gözlənilən idi. Çünki hər iki ölkə həm İran, həm də ABŞ ilə yaxşı münasibətlərə malikdir. Məhz bu səbəbdən Doha və İslamabad danışıqlar üçün əlverişli vasitəçi platforma rolunu oynaya biliblər.
“Qətər və Pakistan vasitəçi oldular, çünki münaqişənin hər iki tərəfi ilə yaxşı münasibətləri var. Onlar üçün bu danışıqları təşkil etmək və böhranın həllində öz rollarını göstərmək daha asan idi”, - ekspert əlavə edib.
Politoloq hesab edir ki, uğurlu vasitəçilik Qətər və Pakistanın ciddi regional münaqişələrin həllində iştirak edə bilən ölkələr kimi beynəlxalq nüfuzunu artıra bilər.
Aysel Hacıyeva | EDnews







