“Bakıdakı universitetlər köçürülməyəcək, lakin tələbə sayı azaldılacaq”.
EDnews xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Trend”ə müsahibəsində deyib.
Nazir bildirib ki, ölkədə tələbə kontingentinin böyük hissəsi Bakı və ətraf ərazilərdə cəmləşib və son illərdə ali təhsilə qəbul imkanlarının genişlənməsi nəticəsində tələbə sayı artıb.
Onun sözlərinə görə, məqsəd universitetləri köçürmək deyil, əksinə, ali təhsilin keyfiyyətini artırmaq üçün tələbə sayını optimallaşdırmaqdır.
Emin Əmrullayev qeyd edib ki, regionlarda ali təhsil imkanları genişləndirilir, yeni kampuslar və universitetlər yaradılır, eyni zamanda bəzi ixtisaslar üzrə region universitetlərinin daha yüksək nəticələr göstərdiyi müşahidə olunur.
Nazir həmçinin bildirib ki, ali təhsilin keyfiyyətinin yüksəldilməsi üçün maliyyələşmə və tədris resurslarının artırılması vacibdir və bu istiqamətdə islahatlar davam edir.







