Ermənistanda qarşıdan gələn seçkilər təkcə daxili siyasi rəqabət baxımından deyil, həm də ölkənin gələcək geosiyasi kursu üçün mühüm sınaq kimi qiymətləndirilir.
Son dövrlər Moskva ilə İrəvan arasında münasibətlərin gərginləşməsi, Ermənistan hakimiyyətinin Qərbə inteqrasiya meyilləri və Rusiyanın regiondakı təsir imkanlarını qorumaq cəhdləri seçki prosesini daha da həssas mərhələyə daşıyıb.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın “Ermənistanı yalnız ermənilər xilas edə bilər” fikri də bu baxımdan təsadüfi mesaj kimi görünmür.
Mövzu ilə bağlı EDnews-a danışan siyasi şərhçi Elçin Alıoğlu qeyd edib ki, Ermənistanın ermənilər tərəfindən xilas olunması fikri siyasi reallıqlara müəyyən mənada uyğun gəlir:

"Qarşıdakı seçkilərdə ermənilər əslində çox sadə bir seçim edəcəklər: ya inkişaf, iqtisadiyyatın bərpası, kommunikasiyaların açılması istiqamətində addım atacaqlar, ya da yenidən bütün dünyaya “ermənilərə borclusunuz”, “bizə kömək edin” kimi yanaşmalarla keçmiş ritorikaya qayıdacaqlar. Digər seçim isə yenidən Rusiyanın köləsi olmaq, Moskvadan verilən əmrlər əsasında hərəkət etmək və davranmaqdır. Bütün bunların nəticəsində Ermənistan müstəqilliyi üçün önəmli olan böyük bir qismini faktiki olaraq Rusiyanın nəzarətinə vermiş olur".
Siyasi şərhçinin fikrincə, bu seçkilər çox gərgin keçəcək:
"Seçkiqabağı təşviqat və təbliğat kampaniyasında əsasən üç siyasi qüvvə ön plana çıxır. Birincisi, "kriminal oliqarxiya" nümayəndələri ilə əlaqəli olan “Aslan” Partiyasıdır. İkincisi, sabiq prezident Robert Koçaryanın “Ermənistan” blokudur. Üçüncüsü isə guya müstəqil olan, əslində isə Rusiya tərəfindən maliyyələşdirilən və Moskvanın seçkilərə daxil etdiyi blokdur. İlk baxışdan Rusiya rəsmilərinin, o cümlədən Mariya Zaxarovanın, xarici işlər naziri Sergey Lavrovun, baş nazirin müavini Aleksey Overçukun və Putinin açıqlamaları belə bir görüntü yaradır ki, Rusiya Ermənistanda çevrilişə hazırlaşır. Hətta Ermənistanın “ikinci Ukrayna” ola biləcəyi ilə bağlı fikirlər də səsləndirilir.
Əslində isə məsələ bir qədər fərqlidir. Nikol Paşinyan Rusiya üçün bu gün Ermənistanda ən əlverişli namizəddir. Çünki Nikol Paşinyan seçilməsə, onun baş nazir postunu açıq şəkildə qərbyönümlü və Qərbə meyilli bir fiqur tuta bilər. Bu isə Rusiyanın illər, hətta əsrlər boyu Ermənistanla bağlı qurduğu konstruksiyalara ciddi zərbə vura və onları deformasiyaya uğrada bilər. Buna görə də diqqət etsək görərik ki, Paşinyanın reytinqi hər dəfə aşağı düşəndə Rusiya hədə, ultimatum və təhqirləri artırır, nəticədə isə onun reytinqi avtomatik olaraq qalxır. Burada görünməyən ikinci tərəf də var: Rusiya Paşinyanın hakimiyyətdə qalmasını istəyir, lakin onun idarəolunan olmasına çalışır. Moskva Paşinyanın tam müstəqil siyasət aparmasını istəmir".
Elçin Alıoğlu onu da əlavə edib ki, Rusiyanın Ermənistanda rusiyapərəst qüvvələri maliyyələşdirməsinin səbəbi Paşinyana təzyiq elementlərinin güclənməsidir:
"İlk baxışdan bu, mürəkkəb siyasi konstruksiya təsiri bağışlaya bilər, amma əslində çox sadə və primitiv ssenaridir. Ona görə də Rusiya bu seçkilərdə mütləq şəkildə öz maraqlarını qorumaq istəyir. Rusiyanın əsas marağı isə iqtisadiyyatda cəmlənib. Məsələn, Ermənistanın dəmir yolu şəbəkəsində Rusiyanın ciddi təsiri var. Elektrik şəbəkəsi, qazpaylama sistemi və “Qazprom”un Ermənistan üzrə fəaliyyəti də bu təsirin mühüm hissəsidir. Nəticə etibarilə ermənilər seçim etməlidir: ya geriyə qayıdacaqlar, ya da gələcəyə doğru kiçik, kövrək də olsa, addım atacaqlar".
Xatırladaq ki, Ermənistanda növbəti parlament seçkiləri 2026-cı il iyunun 7-də keçiriləcək. Bu seçkilər ölkənin gələcək siyasi kursu, Rusiya ilə münasibətləri və Qərbə inteqrasiya istiqamətində atılacaq addımlar baxımından mühüm əhəmiyyət daşıyır.
Aytac Kərimova | EDnews






.jpg)
