ABŞ-də Çin hökuməti adına fəaliyyət göstərməkdə ittiham olunan amerikalı jurnalist Thomas Weir Pauken II məhkəmədə günahını etiraf edib.
EDnews xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyinin məlumatına əsasən, 50 yaşlı Pauken ABŞ ərazisində xarici hökumətin agenti kimi fəaliyyət göstərdiyini qəbul edib. O, uzun illər Çində yaşayıb və müxtəlif Çin dövlət media qurumlarında çalışıb.
Məlumata görə, Pauken 2010-cu ildən Çində yaşayırdı. O, “Tom McGregor” təxəllüsü ilə yazılar dərc edib və Çin dövlət mediası ilə əməkdaşlıq edib. ABŞ rəsmilərinin iddiasına əsasən, Pauken ən azı 2019-cu ildən Çin kəşfiyyatı ilə əlaqəli şəxslərin göstərişi ilə fəaliyyət göstərib.
İttiham materiallarında qeyd olunur ki, Pauken Çin tərəfi üçün məlumatlar toplayıb, hesabatlar hazırlayıb və ABŞ daxilində potensial informasiya mənbələri ilə əlaqələr qurmağa çalışıb. Bildirilir ki, onun bu fəaliyyətlər qarşılığında 100 min dollardan çox ödəniş və digər üstünlüklər aldığı iddia olunur.
ABŞ Ədliyyə Nazirliyi bildirib ki, Paukenin cəzasının sentyabrın 1-də açıqlanması gözlənilir. O, 10 ilədək həbs cəzası ilə üzləşə bilər.







