Azov dənizində Palau bayrağı altında üzən gəmiyə pilotsuz uçuş aparatı ilə endirilən zərbə nəticəsində yaralanan Azərbaycan vətəndaşlarının sayı 4-ə çatıb.
EDnews APA-ya istinadən xəbər verir ki, hadisə zamanı xəsarət alan daha bir Azərbaycan vətəndaşı xəstəxanaya yerləşdirilib.
Məlumata görə, gəminin bosmanı Rəşad Mədətxanov Yeysk Şəhər Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.
Hazırda o, digər yaralılar Samid İbadzadə, Emin Valehov və Namiq Cəfərli ilə birlikdə eyni palatada müalicə alır.
Bildirilib ki, yaralılar yenidən həkim müayinəsindən keçirilib.
Məlumata əsasən, Emin Valehovun sağ qulağında problem yaranıb. Namiq Cəfərlinin isə hər iki qulağında eşitmə ilə bağlı narahatlıq olduğu qeyd olunub.
Rəşad Mədətxanovun baş nahiyəsindən xəsarət aldığı açıqlanıb.
Hüquq-mühafizə orqanlarının nümayəndələri də yaralılarla görüşərək onların ifadələrini alıblar.
Dindirilmə zamanı hücumun bəzi təfərrüatları məlum olub.
Yaralıların sözlərinə görə, gəminin böyük mexaniki Qismət Əliyev pilotsuz uçuş aparatının zərbəsi nəticəsində ağır xəsarətlər alaraq həyatını itirib.
Gəminin kapitanı Fuad Orucovun isə hücum zamanı ağır yaralandığı bildirilir.
Məlumata görə, ona xilasedici jilet geyindirildikdən sonra suya endirilib.
Yaralıların ifadəsinə əsasən, Fuad Orucov da hadisə nəticəsində həlak olub.


.png)

.png)


