Azov dənizində heyətində Azərbaycan vətəndaşlarının olduğu iki xarici yük gəmisinə dron hücumu nəticəsində 5 nəfər həlak olub, 3 nəfər yaralanıb.
EDnews xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Azov dənizində Azərbaycan vətəndaşlarının olduğu gəmilərin vurulması ilə bağlı yerli medianın sualına cavabında bildirib.
Onun sözlərinə görə, bu gün gecə saatlarında heyətində ümumilikdə 25 Azərbaycan vətəndaşının olduğu iki xarici yük gəmisinə dron hücumları həyata keçirilib.
Ayxan Hacızadə qeyd edib ki, sözügedən gəmilər Azərbaycan dövlətinə məxsus deyil.
“Hücum nəticəsində ümumilikdə 5 nəfər vətəndaşımızın həlak olduğu, 3 nəfərin isə yaralandığı barədə Rusiya tərəfindən müvafiq məlumat daxil olub. Yaralılar Yeysk şəhər xəstəxanasına yerləşdiriliblər”, – deyə XİN rəsmisi bildirib.
O əlavə edib ki, hazırda məsələ ilə bağlı Xarici İşlər Nazirliyi tərəfindən aidiyyəti dövlət qurumları, Azərbaycanın diplomatik nümayəndəlikləri, eləcə də müvafiq ölkələrin səlahiyyətli qurumları ilə əlaqələndirmə işləri aparılır.
Bildirilib ki, Azərbaycanın Rusiyadakı səfirliyinin bir neçə əməkdaşı hadisə yerinə yola düşüb.
Vətəndaşların vəziyyəti, onların ölkəyə qaytarılması və zəruri konsulluq dəstəyinin göstərilməsi məsələləri diqqətdə saxlanılır.
“Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə şəfa tapmasını arzulayırıq”, – deyə Ayxan Hacızadə qeyd edib.
Qeyd edək ki, iyunun 5-də gecə saatlarında Azov dənizinin Taqanroq körfəzində “Natra” və “Zirkon” yük gəmiləri pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb.

.png)
.png)



.png)
.png)