ABŞ-ın yüksək vəzifəli hərbi rəsmiləri zənginləşdirilmiş uran ehtiyatlarını ələ keçirmək üçün İranda yerüstü əməliyyat planlarını nəzərdən keçiriblər.
EDnews xəbər verir ki, bu barədə CNN məsələ ilə bağlı məlumatlı mənbələrə istinadən məlumat verib.
Kanalın məlumatına görə, ötən ayın sonlarında Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn Floridadakı ABŞ Mərkəzi Komandanlığının qərargahına təcili səfər edib və orada mümkün əməliyyatla bağlı qapalı brifinqdə iştirak edib. Daha sonra o, ABŞ prezidenti Donald Trampa mümkün variantlar barədə məlumat verib.
Telekanal qeyd edir ki, ABŞ administrasiyası yüksək riskli yerüstü əməliyyatı təsdiqləməyə yaxın olub, lakin Tramp İrandan mümkün sərt cavab, ABŞ qoşunları arasında əhəmiyyətli itki riski və qlobal iqtisadiyyatın daha da qeyri-sabitləşməsi təhlükəsi barədə xəbərdarlıqlardan sonra buna qarşı çıxıb.
Mənbələr onu da qeyd ediblər ki, daha sonra Vaşinqton Tehranla Hörmüz boğazı və İranın nüvə proqramı ilə bağlı razılaşma üzərində işi davam etdirib.







