Ermənistanda “Güclü Ermənistan” bloku iyunun 7-də keçirilən parlament seçkilərinin nəticələrinin etibarsız sayılması tələbi ilə Mərkəzi Seçki Komissiyasına müraciət edib.
EDnews xəbər verir ki, bu barədə "Sputnik Ermənistan" məlumat yayıb.
Bildirilib ki, erməni iş adamı, politoloq Narek Karapetyan seçkilərin ciddi qanun pozuntuları ilə keçirildiyini vurğulayıb.
Onun sözlərinə görə, seçki kampaniyası müxalifətə təzyiq şəraitində aparılıb və səsvermənin nəticələri seçicilərin real səslərini əks etdirmir.
MSK-ya müraciəti “Güclü Ermənistan” partiyasının nümayəndəsi Aram Vardevanyan təqdim edib. Jurnalistlərə açıqlamasında o bildirib ki, blokda ehtimal edilən pozuntularla bağlı çoxsaylı sübutlar var. Vardevanyanın sözlərinə görə, partiya rəsmi müraciətlə yanaşı, həm səsvermə günü, həm də seçkiqabağı dövrdə baş verdiyi iddia olunan genişmiqyaslı pozuntular barədə bütün məlumatları MSK-ya təqdim edib.
Onun sözlərinə görə, komissiya müraciətləri ya lazımi qaydada araşdırmayıb, ya da rədd edib. Bundan sonra partiya İnzibati Məhkəməyə müraciət edib və məhkəmə artıq müvafiq qərarlar qəbul edib.
Vardevanyan hesab edir ki, Mərkəzi Seçki Komissiyası aşkar edilən halları və mümkün pozuntuların miqyasını nəzərə alaraq səslərin yenidən hesablanmasını təyin etməlidir. Onun sözlərinə görə, bütün bu hallar ətraflı araşdırılmalı və hüquqi qiymət almalıdır.
Qeyd edək ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də keçirilib. İlkin nəticələrə əsasən, Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hakim “Vətəndaş müqaviləsi” partiyası 49,825 faiz səs toplayıb.
İş adamı Samvel Karapetyanın “Güclü Ermənistan” müxalifət bloku 23,281 faiz səs əldə edib. Keçmiş prezident Robert Koçaryanın “Ermənistan” bloku isə 9,934 faiz səslə parlamentə keçid baryerini aşıb.
Aysel Hacıyeva | EDnews




.jpg)


