Qlobal texnologiya şirkətlərinə və sosial şəbəkə provayderlərinə qarşı Azərbaycanda irəli sürülən yeni tələblər rəqəmsal mühitdə xüsusilə azyaşlıların qorunmasına yönəlib.
Məsələ ilə bağlı rəqəmsal texnologiyalar üzrə ekspert Fərid Pərdəşünas EDnews-a açıqlamasında bildirib ki, qanun layihəsinin əsas məqsədi internetə çıxışı məhdudlaşdırmaq deyil, sosial şəbəkələrdən istifadəyə daha məsuliyyətli yanaşmanı təmin etməkdir.
Rəqəmsal texnologiyalar üzrə ekspert Fərid Pərdəşünasın sözlərinə görə, müzakirə olunan qanun layihəsinin əsas məqsədi Azərbaycanda rəqəmsal mühitin daha təhlükəsiz və sağlam inkişafına töhfə verməkdir.
Ekspert qeyd edib ki, burada söhbət ümumi internet istifadəsinin məhdudlaşdırılmasından deyil, azyaşlıların sosial şəbəkələrdən istifadəsinin müəyyən qaydalar çərçivəsində tənzimlənməsindən gedir:
“Layihəyə əsasən, 16 yaşına qədər olan uşaqların sosial şəbəkələrdən istifadəsi məhdudlaşdırılır, 16–18 yaş aralığında olan yeniyetmələrin isə bu platformalardan yalnız valideyn razılığı əsasında istifadə etməsi nəzərdə tutulur”, – deyə o bildirib.
F.Pərdəşünasın sözlərinə görə, qanun layihəsində əsas məsuliyyət sosial şəbəkə platformalarının – Meta, Google, TikTok və digər texnologiya şirkətlərinin üzərinə düşür. Belə ki, bu platformalar istifadəçilərin yaşını müəyyən etmək üçün məcburi identifikasiya mexanizmləri tətbiq etməlidirlər:
“Bu proses e-mail, mobil nömrə və müəyyən hallarda digər təsdiqləmə vasitələri ilə həyata keçirilə bilər. Məqsəd istifadəçinin yaşını və platformadan istifadə hüququnu müəyyən etməkdir”, – ekspert bildirib.
O əlavə edib ki, layihədə sosial şəbəkə şirkətlərinin Azərbaycanda nümayəndəlik və ya rəsmi təmsilçilik mexanizminin yaradılması da nəzərdə tutulur.
“Bu yanaşma dövlət qurumlarının hüquqi pozuntu hallarında platformalarla birbaşa əlaqə qurmasına imkan yarada bilər. Rəsmi təmsilçilik mexanizmi məsuliyyətin bölüşdürülməsi baxımından vacib hesab olunur”, – deyə o vurğulayıb.
Ekspert hesab edir ki, təşəbbüsün müsbət tərəflərindən biri uşaqların sosial şəbəkələrdən həddindən artıq istifadəsinin qarşısının alınmasıdır. Bunun onların psixoloji və sosial inkişafına müsbət təsir göstərə biləcəyi düşünülür.
Bununla yanaşı, o qeyd edib ki, texniki baxımdan uşaqların sosial şəbəkələrdən tam şəkildə uzaqlaşdırılması praktik olaraq çətin məsələdir.
“Dünya təcrübəsi göstərir ki, müxtəlif məhdudiyyətlərə baxmayaraq, bəzi hallarda azyaşlılar valideynlərin məlumatlarından istifadə etməklə platformalara giriş əldə edə bilirlər. Buna görə də təkcə texniki məhdudiyyətlər deyil, maarifləndirmə və valideyn nəzarəti də vacib rol oynayır”, – ekspert bildirib.
Sonda Fərid Pərdəşünas vurğulayıb ki, dövlət üçün bu sahədə hüquqi çərçivənin formalaşdırılması vacibdir:
“Sabah hər hansı azyaşlının şəxsi görüntülərinin yayılması və ya rəqəmsal mühitdə təhlükə ilə üzləşməsi hallarında dövlət məhz qanunvericilik bazasına əsaslanaraq platformalardan tədbir görülməsini tələb edə bilər. Qanunun əsas əhəmiyyəti də məhz burada özünü göstərir”.
Əli Mehdili | EDnews








