Azərbaycan səhiyyəsində süni intellektə hazırlıq mərhələsi başlayıb.
Süni intellekt texnologiyalarının səhiyyə sahəsində tətbiqi dünyada sürətlə genişlənir və tibbi xidmətlərin keyfiyyətinin artırılmasında mühüm alətlərdən birinə çevrilir. Azərbaycanda da rəqəmsal transformasiya prosesinin tərkib hissəsi kimi bu istiqamətdə ilkin addımlar atılır və gələcək inkişaf üçün infrastruktur formalaşdırılır.
Səhiyyə Nazirliyinin mətbuat katibi Elvin Hacıyev EDnews saytına açıqlamasında bildirib ki, süni intellekt texnologiyaları hazırda dünya səhiyyə sistemində diaqnostika, xəstəliklərin erkən aşkarlanması, tibbi görüntülərin təhlili, klinik qərarvermənin dəstəklənməsi, xəstə axınının idarə olunması və fərdiləşdirilmiş müalicə planlarının hazırlanması kimi istiqamətlərdə geniş tətbiq edilir.
Onun sözlərinə görə, bu texnologiyalar həkim fəaliyyətini əvəz etmir, əksinə, qərarvermə imkanlarını gücləndirərək daha sürətli, dəqiq və səmərəli tibbi xidmətin göstərilməsinə dəstək olur.
Elvin Hacıyev qeyd edib ki, Azərbaycanda da son illərdə həyata keçirilən rəqəmsal transformasiya layihələri süni intellekt texnologiyalarının tətbiqi üçün mühüm baza formalaşdırıb:
“Rəqəmsal səhiyyə ekosisteminin inkişafı, səhiyyə məlumatlarının vahid platformalarda toplanması, elektron resept, elektron xəstəlik vərəqəsi və digər rəqəmsal xidmətlərin tətbiqi böyük həcmli tibbi məlumatların emalına, gələcəkdə isə süni intellekt əsaslı həllərin daha geniş istifadəsinə imkan yaradır”, – deyə o bildirib.
Qurum rəsmisinin sözlərinə görə, Səhiyyə Nazirliyi tərəfindən təqdim edilən Tibbi Rəqəmsal Əkiz Sistemi (TRƏS) ölkədə səhiyyə məlumatlarının beynəlxalq standartlara uyğun şəkildə vahid mühitdə toplanmasını və idarə olunmasını təmin edir.
O vurğulayıb ki, bu tip platformalar gələcəkdə süni intellekt alqoritmlərinin tətbiqi üçün strateji baza rolunu oynayır:
“Süni intellektin effektiv işləməsi üçün ilk növbədə keyfiyyətli, standartlaşdırılmış və inteqrasiya olunmuş məlumat bazası tələb olunur. TRƏS bu istiqamətdə mühüm addımlardan biri hesab edilə bilər”.
Elvin Hacıyev əlavə edib ki, Azərbaycanda elmi-tədqiqat və klinik fəaliyyət istiqamətində də süni intellekt texnologiyalarının tətbiqi üzrə işlər davam etdirilir. Müxtəlif tibbi göstəricilər əsasında proqnozlaşdırma modellərinin hazırlanması, klinik qərarverməni dəstəkləyən platformaların yaradılması və fərdiləşdirilmiş tibbi yanaşmaların inkişafı görülən işlər sırasındadır.
“Ümumilikdə demək olar ki, Azərbaycan səhiyyəsi süni intellektdən istifadənin ilkin və inkişaf mərhələsindədir. Hazırda əsas diqqət rəqəmsal səhiyyə infrastrukturunun gücləndirilməsinə, məlumatların standartlaşdırılmasına və vahid məlumat mühitinin formalaşdırılmasına yönəlib”, – deyə o bildirib.
TƏBİB rəsmisinin sözlərinə görə, həyata keçirilən layihələr yaxın illərdə süni intellektin diaqnostika, xəstəliklərin proqnozlaşdırılması, klinik qərarvermənin dəstəklənməsi, əhali sağlamlığının monitorinqi və qoruyucu səhiyyə xidmətlərində daha geniş tətbiqinə şərait yaradacaq.
Elvin Hacıyev sonda bildirib ki, Azərbaycanın məqsədi yalnız səhiyyənin rəqəmsallaşdırılması deyil, eyni zamanda məlumatlara əsaslanan ağıllı səhiyyə modelinə keçidi təmin etməkdir.
Sayad Qoşnalıyeva | EDnews







