Son günlər sosial şəbəkələrdə Nizami Tibb Mərkəzinin qarşısında sıxlıq və uzun növbələrin yaranması ilə bağlı görüntülər yayılıb.
Məsələ ilə bağlı TƏBİB-dən EDnews-a bildirilib ki, görüntülərdə müşahidə olunan sıxlıq hərbi çağırışçıların ilkin, təkrar tibbi və təlim məqsədli müayinələrinin həyata keçirilməsi ilə əlaqədardır:
"Hərbi çağırışçıların müayinələrdən keçməsi üçün ayrıca qeydiyyat masası da yaradılıb. Sözügedən videodakı sıxlıq da məhz həmin qeydiyyat masasının qarşısıdır. Hərbi çağırışçılarla əlaqədar gün ərzində orta hesabla 450–500 müraciətin qeydə alınması müəyyən vaxtlarda sıxlığın və gözləmə hallarının yaranmasına səbəb olur. Digər vətəndaşların müayinələrdən keçməsi üçün qeydiyyatdan keçdikləri hissədə isə sıxlıq müşahidə olunmur".
Qurumdan qeyd olunub ki, Nizami Tibb Mərkəzində artıq onlayn növbə tətbiq olunur, vətəndaşlar öncədən "mygov" platforması üzərindən istədikləri günə, saata növbə götürməklə vaxtlarına qənaət edə bilərlər.
Xədicə Cabbarlı | EDnews








