Avropa İttifaqı (Aİ) ölkələri Ukrayna və Moldova ilə Aİ-yə üzvlük üzrə danışıqların birinci klasterinin açılmasını razılaşdırıb.
EDnews xəbər verir ki, bu barədə Aİ Şurasının sədri Antonio Koşta və Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin birgə bəyanatında bildirilib.
İyunun 15-də keçiriləcək ilk hökumətlərarası konfransda qanunun aliliyi və demokratik təsisatlar da daxil olmaqla, Aİ-nin əsas prinsip və dəyərlərini əhatə edən 6 əsas fəsildən birincisi – baza fəsli açılacaq.
Koşta və fon der Lyayen bildiriblər ki, qərar ciddi çağırışlara baxmayaraq, hər iki ölkənin islahatların həyata keçirilməsi istiqamətindəki səylərini əks etdirir.
Bəyanatda qeyd olunub ki, bu, ölkələr üçün sabitlik və iqtisadi imkanlar açacaq. Aİ üçün genişlənmə qitədə təhlükəsizliyin, sülhün və rifahın möhkəmlənməsinə kömək edən strateji prioritet olaraq qalır.







