Qeyri-rəsmi vebsaytlardan istifadə kibertəhlükəsizlik baxımından ciddi risklər yarada bilər.
Bu barədə EDnews-a açıqlamasında kibertəhlükəsizlik üzrə ekspert Əmrah Mövsümzadə bildirib.

Onun sözlərinə görə, belə saytlar təkcə müəllif hüquqlarını pozmaqla kifayətlənmir, eyni zamanda istifadəçilərin cihazlarına zərərli proqramların yoluxdurulması, şəxsi məlumatların oğurlanması və maliyyə fırıldaqlarının həyata keçirilməsi üçün də istifadə oluna bilir:
“Ən böyük təhlükələrdən biri istifadəçinin xəbəri olmadan cihazına casus proqramların yüklənməsidir. Bu tip proqramlar parolların, bank kartı məlumatlarının, şəxsi yazışmaların və digər həssas informasiyaların üçüncü şəxslərin əlinə keçməsinə səbəb ola bilər. Bundan əlavə, bəzi qaçaq saytlar saxta reklamlar və aldadıcı keçidlər vasitəsilə istifadəçiləri fişinq hücumlarının hədəfinə çevirirlər”.
Əmrah Mövsümzadə qeyd edib ki, istifadəçilər kibertəhlükələrdən qorunmaq üçün bir sıra vacib qaydalara əməl etməlidirlər:
“Vətəndaşlara yalnız rəsmi və etibarlı platformalardan istifadə etməyi tövsiyə edirəm. Saytların ünvanları diqqətlə yoxlanılmalı, antivirus proqramlarından istifadə edilməli, brauzer və əməliyyat sistemləri mütəmadi olaraq yenilənməlidir. Həmçinin şübhəli faylların yüklənməsindən və naməlum mənbələrdən tətbiqlərin quraşdırılmasından çəkinmək vacibdir”.
Ekspert vurğulayıb ki, bütün qeyri-rəsmi sayt və tətbiqləri birbaşa kibertəhdid mənbəyi hesab etmək düzgün deyil:
“Bu, o demək deyil ki, bütün saytlar və mobil tətbiqlər zərərli proqramlar yayır. Elə platformalar da var ki, onların əsas gəlir mənbəyi istifadəçilərə reklam göstərməkdir və hər hansı casus proqram ehtiva etmirlər. Lakin istifadəçilər hər zaman ehtiyatlı olmalı və kibergigiyena qaydalarına riayət etməlidirlər. Məhz bu halda mövcud riskləri minimuma endirmək mümkündür”.
Qeyd edək ki, internetdə təhlükəsiz davranış qaydalarına əməl olunması şəxsi məlumatların qorunması və kibercinayətkarların hədəfinə çevrilməmək üçün mühüm əhəmiyyət daşıyır.
Aydan Qasımova | EDnews







