Süni intellekt şirkəti Anthropic son maliyyələşdirmə mərhələsindən sonra qiymətləndirməyə görə OpenAI-ni geridə qoyub.
EDnews xəbər verir ki, Bloomberg-in məlumatına görə, Anthropic son maliyyələşdirmə mərhələsində şirkətin dəyərini 965 milyard dollara çatdıraraq süni intellekt sektorunda OpenAI-ni üstələyib.
Məlumata görə, investorların yüksək marağı səbəbindən Anthropic üçün maliyyələşdirmə prosesi cəmi bir neçə həftə ərzində tamamlanıb.
Şirkət bundan əvvəl təxminən 900 milyard dollar dəyərində qiymətləndirilirdi. Son danışıqlar isə bu göstəricini daha da artırıb.
Reuters-in məlumatına görə, Anthropic 65 milyard dollarlıq maliyyələşmə raundundan sonra 965 milyard dollar dəyərində qiymətləndirilib. OpenAI-nin mart ayında 852 milyard dollar dəyərində qiymətləndirildiyi bildirilir.
İnvestorlar arasında texnologiya və maliyyə sektorlarının aparıcı fondlarının da yer aldığı qeyd olunur.
Məlumata əsasən, şirkətin gəlirləri də sürətlə artır. Anthropic-in illik gəlir tempinin 47 milyard dolları keçdiyi bildirilir.
Analitiklər bu yüksəlişi süni intellekt texnologiyalarına, xüsusilə də Claude çatbotu və peşəkar istifadə üçün nəzərdə tutulan AI alətlərinə tələbatın artması ilə əlaqələndirirlər.
Anthropic-in OpenAI-ni qiymətləndirmə baxımından geridə qoyması süni intellekt sektorunda rəqabətin daha da gücləndiyini göstərir.
Şirkətin yaxın dövrdə ilkin kütləvi təklifə — IPO-ya hazırlaşa biləcəyi də ehtimal olunur.







