Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, Əməkdar Mədəniyyət İşçisi, Prezident təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Əşrəf Veysəlli ilə vida mərasimi keçirilib.
EDnews xəbər verir ki, Sumqayıt şəhər Poeziya Evində təşkil olunan mərasimdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, şəhər ictimaiyyətinin nümayəndələri, şair və yazıçılar, ziyalılar, mərhumun ailə üzvləri, yaxınları və sənət dostları iştirak ediblər.
Mərasimdə çıxış edən Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Əşrəf Veysəllinin Azərbaycan mədəniyyətinə, xüsusilə də Sumqayıtın ədəbi-mədəni mühitinin formalaşmasına verdiyi töhfələrdən danışıb.
Bildirib ki, Əşrəf müəllim ömrünün böyük hissəsini Sumqayıt şəhəri ilə bağlamış, burada müxtəlif məsul vəzifələrdə çalışaraq mədəniyyət sahəsinin inkişafına mühüm xidmətlər göstərmişdir.
Şəhər rəhbəri vurğulayıb ki, Əşrəf Veysəlli Sumqayıtın mədəni həyatına böyük təsir göstərmiş, yüzlərlə gəncin ədəbiyyata, incəsənətə maraq göstərməsinə stimul vermişdir. Sadəliyi, səmimiyyəti, insanlara olan sevgisi, zəngin həyat təcrübəsi onu tanıyan hər kəsin yaddaşında dərin iz qoyub. Sumqayıt Şəhər Ağsaqallar Şurasının üzvü olaraq şəhərin ictimai-mənəvi həyatında yaxından iştirak edib, ağsaqqal mövqeyi ilə daim hörmət qazanıb.
Qeyd olunub ki, Əşrəf Veysəllinin çoxillik fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş, “Əməkdar Mədəniyyət İşçisi” fəxri adına layiq görülmüş, “Tərəqqi” medalı ilə təltif edilmiş, Sumqayıt şəhərinin 70 illik yubileyi münasibətilə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.
Zakir Fərəcov mərhumun ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verərək bildirib ki, Əşrəf Veysəllinin zəngin yaradıcılığı, nəcib əməlləri və işıqlı xatirəsi onu tanıyan insanların qəlbində daim yaşayacaq.
Vida mərasimində Əli Kərim adına Sumqayıt şəhər Poeziya Evinin rəhbəri İbrahim İlyaslı, Azərbaycan Mətbuat Şurasının sədri, Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid, sumqayıtlı şairə Ofeliya Babayeva, yazıçı, şair, dramaturq, publisist və tərcüməçi Seyran Səxavət, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti, şair Umud Rəhimoğlu Əşrəf Veysəlli ilə bağlı öz xatirələrini də bölüşüblər.
Mərasimdə çıxış edən digər natiqlər də Əşrəf Veysəllinin Azərbaycan ədəbiyyatında və Sumqayıtın mədəni həyatında özünəməxsus yeri olduğunu bildiriblər. Qeyd olunub ki, o, təkcə poeziya yaradan sənətkar deyil, həm də bütöv bir nəslin formalaşmasına təsir göstərən ziyalı idi. Çıxış edənlər onun sadəliyini, insanpərvərliyini, dostluğa sədaqətini və gənc yaradıcı insanlara göstərdiyi qayğını xüsusi vurğulayıblar.
Natiqlər Əşrəf Veysəllinin yaradıcılığında xalqın mənəvi dəyərlərinin, vətənpərvərlik hisslərinin və milli kimlik məsələlərinin xüsusi yer tutduğunu qeyd edərək, onun əsərlərinin gələcək nəsillər üçün də əhəmiyyətli mənəvi irs olduğunu bildiriblər.
Sonda şairin oğlu Şahin Şəfiyev mərhumun ailəsi adından Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcova, Füzuli rayonu İcra hakimiyyətinin nümayəndələrinə və vida mərasimində iştirak edən hər kəsə minnətdarlığını bildirib.
Əşrəf Veysəllinin əziz xatirəsi ehtiramla yad olunub, ruhuna dualar oxunub.
Allah rəhmət eləsin.












.jpeg)



.png)
.png)
.png)
