“Fənərbaxça” prezidentliyinə namizəd olan Aziz Yıldırım klubun növbədənkənar seçkili ümumi yığıncağının ilk günündə çıxış edərək konqres üzvlərinə müraciət edib.
EDnews-un məlumatına görə, Yıldırım bildirib ki, ömrünün böyük hissəsi “Fənərbaxça” ilə bağlı olub və klubun azarkeşləri ilə birlikdə həm sevincli, həm də çətin günlər yaşayıb.
“Məni Əziz Yıldırım edən nə peşəkar karyeram, nə də iş həyatım olub. Məni Əziz Yıldırım edən "Fənərbaxça" və sizlərsiniz. "Fənərbaxça"nı əfsanəyə çevirən isə vətəninə və millətinə bağlı olan böyük camiəsidir”, – deyə o vurğulayıb.
Keçmiş prezident qeyd edib ki, klubun və azarkeşlərin qarşısında mənəvi borcu var:
“Çətin günlərdə, məhkəmə proseslərində və həbsxanada heç vaxt tək qalmadım. Mənim "Fənərbaxça"ya və azarkeşlərə borcum var. Bu borcu ödəmək üçün yenidən buradayam”.
Yıldırım çıxışında son illərdə yaşanan uğursuzluqlara da toxunaraq, klubun artıq çempionluğa ehtiyacı olduğunu bildirib.
“12 ildir çempionluq həsrəti yaşayırıq. Bunun dörd ilində mənim rəhbərliyim olub və bu məsuliyyəti inkar etmirəm. Amma "Fənərbaxça"nın daha bir mövsümü çempion olmadan keçirməyə dözümü yoxdur. Bazar ertəsindən etibarən yalnız çempionluq məqsədi ilə çalışacağıq”, – deyə o bildirib.
Transfer siyasəti ilə bağlı danışan Yıldırım iddialı açıqlamalar da verib:
"“Fənərbaxça"nın istəyib ala bilməyəcəyi futbolçu yoxdur. Messi lazımdırsa, gələr. Ronaldo lazımdırsa, gələr. Çünki ən böyük Fənərbaxçadır. Amma biz realist olmalıyıq və futbolçu adları çəkərək gündəm yaratmaq niyyətində deyilik”.
O, çıxışının sonunda klub daxilində birliyin vacibliyinə diqqət çəkib:
“Fənərbaxçanın ən böyük problemi parçalanmadır. Birlik və bərabərliyimizi qorumalıyıq. Sabah Hakan bəy seçilərsə, onu təbrik edəcəyik. Ayrı-seçkilik Fənərbaxçaya zərər verir. Hamınızı sevirəm”, – deyə Yıldırım sözlərini tamamlayıb.
Aytac Kərimova | EDnews







