Mayın 19-21-də ABŞ-ın Kaliforniya ştatının Sunniveyl şəhərində “Silicon Valley May Summit 2026” tədbiri keçirilib.
EDnews xəbər verir ki, tədbir “Plug and Play” şirkətinin baş ofisində təşkil olunub.
Üç gün davam edən sammit bu il 17 fərqli sənaye proqramı üzrə 300-dən çox startapı, 4 mindən artıq iştirakçını, korporativ tərəfdaşları və investorları bir araya gətirib.
Builki tədbirin əsas mövzuları sırasında süni intellekt, fintex, dərin texnologiyalar, kibertəhlükəsizlik, mobillik, sənaye təchizatı və yarımkeçirici həlləri yer alıb.
Mayın 20-də keçirilən “Global Startup Showcase” səhnəsində Azərbaycan startapları da çıxış ediblər. Startapların iştirakı İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə “Plug and Play” innovasiya şirkətinin tərəfdaşlığı əsasında həyata keçirilən “GOAL” proqramı çərçivəsində baş tutub.
Proqramın qalibləri olan beş Azərbaycan startapı — “Glacies Biome”, “Bonfi”, “Recepta”, “Pixelfork” və “Pionero AI” beynəlxalq auditoriya qarşısında öz innovativ həllərini təqdim edib.
Startaplar əsasən biotexnologiya, sağlamlıq və süni intellekt sahələrində hazırladıqları məhsul və xidmətləri nümayiş etdiriblər.
“Pionero AI” startapı isə bir neçə həftə əvvəl keçirilən “Shark Tank” sessiyasının qalibi kimi “Showcase”ın əsas səhnəsində investorlar qarşısında xüsusi təqdimat imkanı qazanıb. Startap mayın 20-də əsas səhnədə çıxış edib.
Tədbir Azərbaycan startaplarının qlobal innovasiya platformalarında tanınmasına, onların Silikon Vadisi ekosisteminə inteqrasiyasına, həmçinin beynəlxalq investisiya və korporativ tərəfdaşlıq imkanlarının genişlənməsinə şərait yaradıb.











